Məqalədə 2019–2025-ci illərdə akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin klinikasında müalicə olunmuş 72 kəskin irinli xolangitli xəstənin kompleks müayinəsi və müalicəsinin nəticələri təqdim olunmuşdur. Tədqiqatın məqsədi biokimyəvi və bakterioloji göstəricilərin dinamikasını immunoloji statusun və kompleks müalicənin effektivliyinin dolayı markerləri kimi qiymətləndirmək olmuşdur. Bütün xəstələrdə diaqnoz klinik, laborator və instrumental müayinə üsulları ilə təsdiqlənmişdir. Xəstələrin əksəriyyətində iki mərhələli cərrahi taktika tətbiq edilmiş, bu taktika öd yollarının endoskopik və ya perkutan transhepatik üsullarla dekompressiyasını, sistem və lokal antibakterial müalicəni, həmçinin ozonterapiyanı əhatə etmişdir. Müalicədən əvvəl xəstələrdə biokimyəvi göstəricilərin nəzərəçarpacaq dərəcədə pozulması müşahidə edilmişdir: bilirubin, ALT, AST, qələvi fosfataza, GGT və C-reaktiv zülal səviyyələrinin yüksəlməsi, ümumi zülal və albumin səviyyələrinin azalması qeydə alınmışdır. Bu dəyişikliklər xolestazın, sitolitik sindromun, iltihabi prosesin və qaraciyərin funksional pozğunluqlarının ağırlığını əks etdirmişdir. Müalicə prosesində göstərilən parametrlərdə müsbət dinamika müşahidə olunmuş, bu da endogen intoksikasiyanın azalması və orqanizmin immun reaktivliyinin dolayı yolla bərpası ilə müşayiət olunmuşdur. Ödün bakterioloji müayinəsi zamanı əsasən şərti-patogen mikroflora, xüsusilə Escherichia coli, Klebsiella, Enterococcus və Pseudomonas spp. aşkar edilmişdir. Aparılan kompleks müalicə fonunda artıq 3–7-ci günlərdə ödün mikrob yükündə əhəmiyyətli azalma qeydə alınmış, 10-cu günə doğru isə xəstələrin əksəriyyətində patogen mikroflora müəyyən edilməmişdir. Alınmış nəticələr göstərir ki, biokimyəvi və bakterioloji göstəricilərin kompleks qiymətləndirilməsi irinli xolangitli xəstələrdə immunoloji pozğunluqların dolayı meyarı və aparılan müalicənin effektivliyinin obyektiv göstəricisi kimi istifadə oluna bilər. Bu yanaşma xüsusilə birbaşa immunoloji tədqiqat imkanları məhdud olan tibb müəssisələri üçün praktik əhəmiyyət daşıyır.
R.M Ağayev (Tue,) studied this question.
Synapse has enriched 5 closely related papers on similar clinical questions. Consider them for comparative context: