İşin məqsədi şərti adı “GL” ilə göstərilmiş fitokompozisiya ekstraktının alınma texnologiyasının işlənməsi, ekstraksiya üsullarının müqayisəli qiymətləndirilməsi, fenol birləşmələri və aminturşular əsasında standartlaşdırılmasının aparılmasıdır. Materiallar və metodlar. “GL” fitokompozisiya 1:1:1:1 nisbətində aşağıdakı dərman bitkilərindən hazırlanmışdır: bağayarpağı (Plantago major L.) yarpaqları, boymadərən (Achillea millefolium L.) çiçəkləri, bədrənc (Melissa officicinalis L.) yarpaqları və adaçayı (Salvia officinalis L.) otu. Ekstraktın alınması üçün aşağıdakı üç ekstraksiya üsulu tətbiq edilmişdir: maserasiya, perkolyasiya və yüksək sürətli homogenizasiya. Alınmış ekstraktların standartlaşdırılması quru qalıq göstəricisinə əsasən, həmçinin ekstraktın tərkibindəki fenol birləşmələri (Folin–Çiocalteu üsulu) və aminturşuların (ninhidrin üsulu) miqdarı təyini ilə aparılmışdır. Təyinatlar üçün Agilent Cary-60 UV-Vis spektrofotometrindən istifadə edilmişdir. Statistik analiz üçün IBM SPSS Statistics 25.0 proqramı və one-way ANOVA testi tətbiq olunmuşdur. Nəticələr. Ekstraksiya üsullarının müqayisəsi göstərmişdir ki, perkolyasiya üsulu quru qalıq göstəricisinə görə (2.00 ± 0.05 %), prosesin stabilliyi və təkrarlana bilmə qabiliyyəti baxımından optimal ekstraksiya üsuludur. Ekstraktda ümumi fenol birləşmələrinin miqdarı 1.51 mq/ml (GAE), ümumi aminturşuların miqdarı isə 0.90 mq/ml (Glyequi) miqdarda müəyyən edilmişdir. Yekun. Ümumilikdə, aparılmış tədqiqat “GL” fitokompozisiya ekstraktının texnoloji baxımdan stabil, təkrarlana bilən və fenol birləşmələri ilə aminturşuları əsasında standartlaşdırıla bilən perspektivli fitopreparat xammalı olduğunu göstərmişdir.
Əfsanə Məmmədova (Thu,) studied this question.